Ərizə-anket;
Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
Doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin özü iştirak etmədikdə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd (dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir).
Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
- bir iş günü müddətində verildikdə
30 günədək 50 manat
60 günədək 100 manat
- üç iş günü müddətində verildikdə
30 günədək 30 manat
60 günədək 60 manat
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
- bir iş günü müddətində verildikdə
30 günədək 30 manat
60 günədək 60 manat
- üç iş günü müddətində verildikdə
30 günədək 15 manat
60 günədək 30 manat
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə - 20 manat
2, 6 və 8-ci bəndlərdə göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş gün qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Bu xidmət 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.