Please ensure Javascript is enabled for purposes of website accessibility

“Yaşa Azərbaycan” festivalı keçirilib

Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş  “Yaşa Azərbaycan” adlı festival baş tutub.

Festival çərçivəsində “ASAN Könüllüləri” Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN Könüllüləri” təşkilatının təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Daha sonra silsiləvi tədbirlər həyata keçirilib.

İştirakçılar ilkin olaraq ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin "Əsgərə Məktub!" layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub.

Sonra “ASAN Məktub” layihəsi uşaqların sevincinə səbəb olub. Belə ki, Cocuq Mərcanlı əhalisinin məskunlaşdığı Mirzənağılar kəndindən olan balacaların www.asanmektub.az saytı vasitəsilə vətəndaşlara ünvanladıqları məktublara cavab olaraq alınmış hədiyyələr onlara təqdim olunub. Eyni zamanda Bilik Fondu tərəfindən məktəblilərə müxtəlif mövzulu kitablar da hədiyyə edilib.

Bundan başqa “Yaşıl ASAN” təşəbbüsü "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa Doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim və ağacəkmə aksiyası keçirilib. Əsas mövzusu “Ekoloji marifləndirmə” olan bu  görüş cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.

Həmçinin ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası səhnələşdirilib. “Mədəniyyət Carçısı” və “Məktəblinin dostu”layihəsi ilə birgə hazırlanan Mirzə Cəlilin “Poçt Qutusu” tamaşası  izləyicilərə təqdim olunub.

Daha sonra “Yaşa Azərbaycan” adlı festival Horadiz şəhərində davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Demokratik Respublikasının yaranmasından və fəaliyyətindən, dövlətçilik tariximizdə rolundan danışıblar. Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edərək, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaradıb.

Sonda festival konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki,   festival Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və ASAN Radionun  dəstəyi ilə baş tutub.

 

A- A A+

Digər press-relizlər