Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar “ASAN qatar” fevralın 1-dən vətəndaşlara xidmət göstərəcək

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb.

Səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstəriləcək. Xidmətlər 4 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunacaq. 

Qeyd edək ki, Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

 Xatırladaq ki, bu günədək “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilən irihəcmli 10 xüsusi avtobuslar səyyar formada əhaliyə xidmət göstərir. Məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır. 

 

A- A A+

Digər press-relizlər