Please ensure Javascript is enabled for purposes of website accessibility

“Novruz - Dostluq Festivalı” keçirilib

ASAN Könüllüləri Təşkilatının təşəbbüsü və Sabirabad rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Sabirabad şəhərində Türkiyə, İran, Hindistan və Əfqanıstandan olan iştirakçıların qatıldığı “Novruz - Dostluq Festivalı” keçirilib. 

Tədbiri giriş sözü ilə açan Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları salamlayaraq bildirib ki, Novruz bayramı ümumxalq bayramı kimi uzun əsrlərdən bəri ölkəmizdə böyük təntənə ilə keçirilir və bu bayram insanlara dostluq mesajı verir. Həmçinin qeyd edib ki, 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  İnam Kərimov festival iştirakçılarını təbrik edərək Novruz bayramının önəmi, insanları qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması barədə danışıb. Eyni zamanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsində Azərbaycanda zəruri şəraitin yaradıldığını, “Novruz - Dostluq Festivalı”nın keçirilməsinin də buna bariz nümunə olduğunu qeyd edib.

Daha sonra digər qonaqlar çıxış edərək “Novruz - Dostluq Festivalı”nın keçirilməsinin əhəmiyyətindən danışaraq bayramı qeyd edən xalqları təbrik ediblər.

Festivalda hər bir ölkənin mədəniyyətini əks etdirən milli mətbəx nümunələri, milli-tətbiqi sənət məhsulları və Novruz adət-ənənələri sərgilənib.

Bayramı tərənnüm edən çıxışlar, rəngarəng rəqs nümunələri, mahnılar və səhnəciklərdən ibarət olan bədii hissə ilə festival davam etdirilib.

Sonda festival iştirakçıları Sabirabad "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.  

 

A- A A+

Digər press-relizlər