Please ensure Javascript is enabled for purposes of website accessibility

Növbəti “Yaşıl dağ” sosial aksiyası keçirildi

Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib.

Tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “Yaşıl dağ” sosial aksiyası təkcə Bakıda deyil, Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində də keçirilib. Aksiya çərçivəsində bu günədək 250 tona yaxın kağız tullantısı yığılıb ki, bu da 4250 şam ağacının təbiətə qaytarılması deməkdir.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil nazirinin müavini Firudin Qurbanov aksiyanın əhəmiyyətindən danışaraq hər kəsi kağız israfını azaltmağa, ağacların qorunmasına, təbiətin mühafizəsinə dəstək olmağa çağırıblar.

Daha sonra çıxış edən “Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl layihəyə dəstək olmaqdan məmnun olduğunu və gələcəkdə bu cür layihələrə dəstək olacaqlarını vurğulayıb.

Sonda çıxış edən IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov çıxış edərək bildirib ki, Azərbaycanda ekoloji balansın qorunması üçün bir çox uğurlu layihələr həyata keçirilib. Son 5 ildə isə IDEA İctimai Birliyi tərəfindən 5 milyondan çox ağac əkilib.

Qeyd edək ki, aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacları paylanılıb. “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində baş tutan aksiyanın keçirilməsində məqsəd ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməkdir. 

 

A- A A+

Digər press-relizlər