Please ensure Javascript is enabled for purposes of website accessibility

Könüllülər hərəkatı fotoqrafların gözü ilə

8 fevral 2017-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I Ümumrespublika açıq foto sərgisi” açılıb.

16 fotoqraf tərəfindən çəkilmiş 34 fotoşəkildən ibarət sərgi “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə baş tutub.

Sərginin məqsədi Azərbaycanda inkişaf edən könüllü hərəkatını, bu sahədə əldə edilmiş uğurları işıqlandırmaq və daha çox gənci könüllü qismində fəaliyyət göstərərək özünü inkişaf etdirməyə dəvət etməkdir.

Sərgi çərçivəsində Dr. Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğur formulu” kitabının imza günü təşkil olunub. Bu kitabın satışından əldə edilən gəlir www.asanmektub.az internet səhifəsində aztəminatlı ailələrin övladlarının məktublarındakı arzuların reallaşdırılmasına yönəldiləcək.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək könüllülük hərəkatının “ASAN xidmət”in yaradılması ilə bir dövrə təsadüf etdiyini, qısa müddətdən sonra könüllülərin özlərinə ictimai birlik  yaratdıqlarını deyib. Ü. Mehdiyev qeyd edib ki, hazırda bu birlikdə 10 mindən çox gənc könüllü toplaşıb və onlar “ASAN xidmət” çərçivəsindən kənara çıxaraq 200-dək yerli və beynəlxalq layihələr həyata keçiriblər.

Daha sonra Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük fəaliyyəti haqqında məlumat veriblər, gənclərin bu fəaliyyətə çox böyük maraq göstərdiklərini vurğulayıblar. Həmçinin, “Könüllülük: Uğur formulu” kitabının əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, 1 ay davam edəcək sərgi çərçivəsində həm ictimai, həm də idman sahəsində fəaliyyət göstərən könüllülərin fəaliyyəti haqqında fotoşəkillər nümayiş etdirilib.

Sonda sərgidə iştirak etmiş fotoqraflar “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən sertifakatlar ilə mükafatlandırılıb. 

 

 

A- A A+

Digər press-relizlər