Kiçik sahibkarların “ABAD”la əməkdaşlığına dair tədbir keçirilib
Dekabrın 26-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların “ABAD”la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının, eləcə də 200-dək kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın diversifikasiyası və rəqabətqabiliyyətliliyinin artırılmasında, yüksək əlavə dəyər yaradan ixraca yönələn məhsul istehsalının genişləndirilməsində, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın rolunu vurğulayıb. Tədbirdə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində stimullaşdırıcı mexanizmlərin tətbiqi, Sahibkar Qadınlar Assosiasiyasının və qadınlar üçün biznes-inkubatorların yaradılması, əl əməyi ilə məşğul olan kiçik sahibkarların bacarıqlarının artırılmasına yönəlmiş təşviqat tədbirlərinin və sərgilərinin keçirilməsinin, “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” publik hüquqi şəxsi tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edib:
“Bu günə kimi ölkənin 17 regionundan olan 178 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərilmişdir. Bu dəstəklər davam edir və günü-gündən artır”.
İnam Kərimov kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Sonra kiçik və orta sahibkarlıq subyektləri ilə onların biznes layihələrinin dəstəklənməsi məsələlərinə dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Tədbirdə çıxış edən sahibkarlar belə tədbirlərin keçirilməsinin sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verdiyini vurğulayaraq, özəl bölmənin inkişafına yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Daha sonra tədbir sual-cavab hissəsi ilə davam etdirilib.