Please ensure Javascript is enabled for purposes of website accessibility

İcazələrin statusu artıq “myGov” portalında  

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib.  Belə ki, vətəndaşlar  "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər.

Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya “yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.  
 
Alternativ olaraq portalın “Bütün xidmətlər” bölməsində “Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan  “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.

“myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun  şəxsi kabinetinə bildirişin gəlməsidir.
 
Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin “myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda “myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.
 
"myGov" portalına giriş “ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının “Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.

Videotəlimata keçid: https://www.youtube.com/watch?v=aqcALD1jT7k&feature=youtu.be 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

A- A A+

Digər press-relizlər