"ASAN xidmət" kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
10 may 2025-ci il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü kimi qeyd olunur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin məzarı ziyarət edilib və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
"ASAN xidmət" Ulu Öndərin anadan olmasının 102 illiyi münasibətilə həmçinin Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaq məqsədilə "ZİRVƏ" idarəçilik marafonunu reallaşdırır.
Bundan başqa ASAN könüllüləri tərəfindən də Heydər Əliyevin siyasi kursunun, azərbaycançılıq ideologiyasının və dövlətçilik irsinin gənclər arasında təbliği məqsədilə könüllülük dəyərlərinin təşviqinə yönəlmiş silsilə tədbirlər – sənədli film nümayişi, konfrans, sərgi, ziyarətlər, intellektual və idman yarışları, ekskursiyalar və görüşlər təşkil edilib.