Please ensure Javascript is enabled for purposes of website accessibility

“Hərbiyyə - Xəzər” düşərgəsinə start verilib

18 sentyabr 2019-cu il tarixində “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov iştirak ediblər. İştirakçılar öncə Sahil Mühafizəsinin bazasında Heydər Əliyev İdeoloji Mərkəzinin fəaliyyəti ilə tanış olub, ulu öndərin abidəsi önünə əklil qoyublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgə iştirakçılarını salamlayaraq cari il ərzində könüllülərin çoxsaylı müraciətləri nəzərə alınaraq "Hərbiyyə" düşərgəsinin üçüncüsünün gerçəkləşdirildiyini diqqətə çatdırıb. Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə həyata keçirilən müxtəlif tədbirlərdən biri kimi bu tədbirin, o cümlədən ASAN Könüllülərinin hərbi vətənpərvərlik layihələrinin əhəmiyyəti vurğulanıb.

DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov sərhədlərimizin etibarlı mühafizəsi, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

18-19 sentyabr tarixini əhatə edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçiriləcək. Layihə çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Tufan” tipli gəmilərdə təlimatlandırılmaqla yerləşdiriləcəklər.

Həmçinin iştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, “Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, Simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Gənc könüllülərin iştirakı ilə sıra meydanında yarışın təşkili və Sahil Mühafizəsinin Heydər Əliyev adına İdeoloji Mərkəzi, Klubu, Tədris Mərkəzi və muzeyinə ekskursiyaların təşkili nəzərdə tutulur.

“Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir

A- A A+

Digər press-relizlər