“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verilib
18 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verilib.
Layihə çərçivəsində ilkin olaraq 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər struktur bölmələri, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Sabunçu rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən 10 tondan çox kağız tullantısı təhvil verilib.
25 mart tarixindən kağız tullantıların qəbulu üçün bütün “ASAN xidmət” mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq. Layihə çərçivəsində "Azersun Holding" MMC tərəfindən 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil ediləcəkdir. Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər IDEA İctimai Birliyi (497-63-16 nömrəsi) və ya “ASAN xidmət” ilə (108 qaynar xətti) əlaqə saxlaya bilərlər.
Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
2014-cü ilin fevral – aprel ayları ərzində Bakı şəhərində “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin pilot fazası həyata keçirilib və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və "Azersun Holding" MMC dövlət qurumları, özəl sektor nümayəndələrini, qeyri-hökumət təşkilatları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir!