Please ensure Javascript is enabled for purposes of website accessibility

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

2 fevral 2017- ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Ə.Qarayev “Gəncliyin səsi” incəsənət festivalının keçən il ilk dəfə təşəbbüs kimi irəli sürüldüyünü və böyük marağa səbəb olduğunu qeyd edib.  

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov gəncləri təbrik edib, könüllülük fəaliyyəti barədə danışıb.  İ.Kərimov bildirilib ki, on min gəncdən ibarət ASAN könüllülər hərəkatı bir çox layihələr həyata keçirib və bunlardan ən yaddaqalanları mədəniyyət sahəsində olanlardır.

Tədbir Prezident təqaüdçülərinin konsert proqramı ilə davam etdirilib və gənclərin əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib. Əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar təqdim olunub.

Qeyd edək ki, festival çərçivəsində Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.

Gənclər Gününə həsr edilmiş festivalın tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi və Sabirabad rayon mədəniyyət mərkəzində təşkil olunacaq. Festival fevralın 6-dək davam edəcək. 

 

A- A A+

Digər press-relizlər