Please ensure Javascript is enabled for purposes of website accessibility

“Gəncliyin səsi” festivalının açılış mərasimi baş tutub

2 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibəti ilə keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi baş tutub. Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb. Nazir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. “Sevindirici haldır ki, Azərbaycanda son illər Prezidentin dəstəyi və birbaşa qayğısı nəticəsində yeni gənclər hərəkatı formalaşıb. Bu, könüllülər hərəkatdır. Könüllülük hərəkatı dövlət siyasətinə dəstək formasını alır. Gənclərin ictimai həyatda fəal iştirakı yeni ab-hava gətirib. Ölkənin taleyi, inkişafı və gələcəyi birbaşa gənclərlə bağlıdır,” - deyə nazir qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirib ki, bugünkü tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bir təcəssümüdür. Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.

Festivalın təşkilini yüksək qiymətləndirən İ.Kərimov tədbirin gənclərin potensialını üzə çıxarmasında əhəmiyyətini vurğulayıb və uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin və tamaşaların premyerasının keçirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, fevralın 6-dək davam edəcək festival paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında da  keçiriləcək. 

Daha sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.
 

A- A A+

Digər press-relizlər