Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşlara dövlət xidmətləri haqqında informasiyanı təqdim edən dövlət xidmətlərinin Elektron Reyestr portalı - www.dxr.az yaradılıb.

Portalın yaradılmasında əsas məqsəd vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bunun üçün dövlət xidmətləri barədə vətəndaşları maraqlandıran informasiyalar araşdırılıb, təhlil edilib və Reyestrin strukturu müəyyən edilib. Artıq Elektron Reyestrin proqram təminatı hazırlanıb, xidmətlər sistemə daxil edilib, paralel olaraq müxtəlif istiqamətdə sınaqlar həyata keçirilib. Beləliklə, Elektron Reyestrdə 116 dövlət orqanı qeydiyyatdan keçib, 676 dövlət xidməti təsdiq edilib.

Təqdim olunan portal məlumatların vətəndaşlar tərəfindən effektiv istifadəsi məqsədi ilə hazırlandığı üçün növbəti illərdə də vətəndaşlardan gələn təkliflər istiqamətində daha da təkmilləşdiriləcəkdir.

Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb. Həmin Fərmanın 4.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən 9 fevral 2015-ci il tarixli 32 nömrəli Qərarla “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilib. Fərmana əsasən Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

 

A- A A+

Digər press-relizlər