“Dövlət İdarəetməsinin İslahatları Paneli”nin iclası keçirilib
2 iyun 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığ proqramının “Demokratiya, Qabaqcıl İdarəçilik və Sabitlik” üzrə 1-c Platformasının “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclası keçirilib.
İclasda panelin fəaliyyət istiqamətləri üzrə Şərq Tərəfdaşlığı ölkələrində görülmüş tədbirlərin nəzərdən keçirilməsi, dövlət idarəetməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və məlumatların mühafizəsi, dövlət qulluğu, yerli və regional idarəçilik kimi məsələlər müzakirə olunub.
Tədbidə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət"in fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, şəffaf dövlət idarəçiliyində islahatların aparılması önəmlidir və bir neçə il bundan əvvəl Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sahəsində islahatlar kampaniyası başladıldı. “ASAN xidmət”in fəaliyyətə başlaması da bu islahatların bir hissəsini təşkil edirdi.
İnam Kərimov vurğulayıb ki, bu günədək “ASAN xidmət”ə 10 milyona yaxın vətəndaş müraciəti daxil olub. Vətəndaşların 97 faizi isə göstərilən xidmətdən məmnundur.
İclasda digər çıxış edənlər Bakıda keçirilən 10-cu iclasın önəmindən bəhs edib və tədbirdə müzakirə olunacaq bütün mövzuların, müxtəlif ölkələrin müvafiq istiqamətdəki təcrübələrinin Şərq Tərəfdaşlığı proqramı üçün əhəmiyyətindən danışıblar.
İclas çərçivəsində “Dövlət idarəetməsi sahəsində islahatlar və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada isə “ASAN xidmət”in fəaliyyətinə dair təqdimatın edilməsi və tədbir iştirakçılarının “ASAN xidmət” mərkəzinə səfərinin təşkil edilməsi nəzərdə tutulur.
Tədbir işini sessiya, təqdimatlar və müzakirələrlə davam etdirib.