Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin nümayəndə heyəti Çexiya Respublikasına səfər edib

8-9 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Praqa şəhərində təşkil edilmiş “Çoxsəviyyəli idarəçilik – adekvat və səmərəli hökümətin mənbəyi kimi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Nümayəndə heyətinin rəhbəri ““ASAN xidmət” vasitəsi ilə şəffaflıq və əlçatanlığın təmin edilməsi və dövlət xidmətlərinin göstərilməsinin sadələşdirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda son illərdə Azərbaycanda əldə edilmiş  sosial-iqtisadi nailiyyətlər, informasiya texnologiyalarının inkişafı və dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət xidmətlərinin göstərilməsi istiqamətində həyata keçirilən institusional islahatlardan biri olan və dünyada Azərbaycanın brendi kimi tanınan “ASAN xidmət” modeli barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanın yaratdığı bu uğurlu model operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əsaslanır və dövlət xidmətlərinin  göstərilməsi prosesində ən müasir üsullar tətbiq edilməklə vətəndaş məmnunluğunun ən yüksək səviyyəsi əldə edilir.

Təqdimatın gedişində “ASAN xidmət”-in fəaliyyətinə dair video çarx da nümayiş etdirilib.

“ASAN xidmət”-in fəaliyyəti konfrans iştirakçıları tərəfindən yüksək maraqla qarşılanıb, onların şərh və sualları nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Çexiya Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri arasında görüş keçirilib və dövlət xidmətlərinin göstərilməsi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin,  Dövlət Agentliyinin nümayəndə heyəti Çexiya Respublikasında dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan “Czech POİNT” mərkəzinə tanışlıq səfəri edib.

 

A- A A+

Digər press-relizlər