Please ensure Javascript is enabled for purposes of website accessibility

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində “ASAN xidmət”in təqdimatı keçirilib

İyunun 21-də BMT-nin Cenevrə bölməsində İnsan Hüquqları Şurasının 35-ci sessiyası çərçivəsində “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, qabaqcıl idarəçiliyin və insan hüquqlarının təşviqinə innovativ yanaşmalar: Azərbaycan və Keniya nümunələri” mövzusunda tədbir keçirilib.

Azərbaycanın və Keniyanın Cenevrədə yerləşən beynəlxalq qurumlar yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilən və interaktiv panel müzakirəsi formatında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli, Keniya Respublikasının Cenevrədəki daimi nümayəndəsinin müavini Endryu Kihurani, İsveçrənin Bazel İdarəçilik İnstitutunun tədqiqatçısı Saba Kassa və Kanadanın Dayanıqlı İnkişaf üzrə Beynəlxalq İnstitutunun Avropa regionu üzrə rəhbəri Mark Halle məruzəçi qismində çıxış ediblər.

Keniyanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Stefen Ndunqu Karaunun moderatorluğu ilə keçən tədbirdə BMT-yə üzv dövlətlərin Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin diplomatları, bu şəhərdəki beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsində “ASAN xidmət” təcrübəsinin əvəzsiz rolundan danışan Azad Cəfərli iştirakçıları təmsil etdiyi qurumun vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsinə gətirdiyi yeniliklərlə tanış edib. O, “ASAN xidmət”in dövlət idarəetməsi sahəsində Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi kimi yaradıldığını vurğulayıb. Dövlət xidmətlərinin göstərilməsində şəffaflıq, səmərəlilik və məsuliyyətlilik prinsiplərinin rəhbər tutulduğunu qeyd edən Aparat rəhbəri texnoloji yeniliklərin də bu prosesə cəlb olunması ilə birlikdə “ASAN xidmət”in keyfiyyətli xidmətlərin göstərilməsi üzrə səmərəli mexanizm olduğunu diqqətə çatdırıb. Azərbaycanın milli brendi hesab edilən “ASAN xidmət”in fəaliyyətinin paytaxt Bakı ilə məhdudlaşmadığı, regionlarda da “ASAN xidmət” mərkəzlərinin açıldığı, o cümlədən müvafiq mərkəzlərin mövcud olmadığı və ucqar rayonlarda yaşayan vətəndaşlara səmərəli xidmət göstərilməsi üçün lazımi avadanlıqla təchiz olunmuş qatar və avtobuslardan istifadə edildiyi qeyd olunub. A.Cəfərli BMT-nin insan hüquqları üzrə ixtisaslaşmış qurumlarının bu cür müsbət milli təcrübənin digər dövlətlərlə mübadiləsində vasitəçi rol oynamasının mümkünlüyünü diqqətə çatdırıb.

Keniya diplomatı Endryu Kihurani tədbir iştirakçılarına ölkəsinin “Huduma” xidmət mərkəzləri barədə məlumat verib. O, bu mərkəzlərin əsas fəaliyyət prinsipinin vətəndaşlara ictimai xidmətlərin daha səmərəli çatdırılması olduğunu bildirib. Ölkəsinin “Huduma” xidmətinin və “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətlərinin göstərilməsi sahəsində mükafata layiq görüldüyünü xatırladan E.Kihurani bu cür siyasi iradəyə əsaslanan təşəbbüslərin insan hüquqlarına hörmət aspektlərinin xüsusilə nəzərə alınmalı olduğunu vurğulayıb.

Digər məruzəçilər də çıxışlarında qabaqcıl idarəçilik sahəsində “ASAN xidmət” və “Huduma” kimi müsbət milli təcrübənin digər dövlətlər tərəfindən nümunə kimi istifadəsinin faydasını diqqətə çatdırıblar. Bazel İdarəçilik İnstitutun nümayəndəsi olan Saba Kassa mövcud təcrübəyə istinad edərək yaxşı idarəçilik sahəsində tətbiq olunan yenilikçi yanaşmaların vətəndaşların hüquqlarının qorunmasına birbaşa təsir etdiyini və onlarda dövlət qurumlarına etimadı artırdığını qeyd edib.

Kanada QHT-sini təmsil edən Mark Halle isə çıxışında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin insan hüquqlarının təşviqinə xüsusi yer ayırdığını və bu Məqsədlərdən 16-cısının şəffaf, məsuliyyətli və güclü dövlət qurumlarının formalaşmasına həsr olunduğunu bildirib. O, bu xüsusda “ASAN xidmət” və “Huduma” təcrübələri kimi müsbət təşəbbüslərin məhz elə sözügedən məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini söyləyib.

İştirakçılar ölkəmizin “ASAN xidmət” təcrübəsini böyük maraqla qarşılayıb və Xidmətin fəaliyyətinə dair onlarda maraq doğuran məsələlərlə bağlı A.Cəfərliyə suallar ünvanlayıblar.

Tədbir “ASAN xidmət”in fəaliyyətinə həsr olunan videomaterialın nümayişi və fotosərgi ilə davam edib.

Mənbə: http://azertag.az/xeber/1072525

 

A- A A+

Digər press-relizlər