Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfər edib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mənzil qərargahında Təşkilatın İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dəstəyi ilə təşkil olunan yüksək səviyyəli  plenar sessiyada iştirak edib.

Müvafiq sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusuna həsr olunub.  Məqsəd 2024-cü ilin 11 noyabr  tarixində Azərbaycan Hökuməti və BMT arasında imzalanmış Töhfə Sazişi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərlə bağlı təşkilata üzv dövlətlərin məlumatlandırılması olub.  Həmçinin “ASAN xidmət” modelinin təşviqi, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsinin və təcrübə mübadiləsinin aparılması əsas hədəflər olub. 

Tədbirə müxtəlif qitələri təmsil edən dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərindən səfirlər, aidiyyati  dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, sahəvi ekspertlər və akademik dairələrin nümayəndələri olmaqla 100-dən çox iştirakçı qatılıb.

BMT Baş katibinin köməkçisi Navid Hanif Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının qalibi olduğunu, eləcə də 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində “Dünyanın ən qabaqcıl dövlət xidməti” mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb. Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsinin və paylaşılmasının zəruriliyi vurğulanıb.

Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in BMT-nin üzvü olan dövlətlərdə innovativ dövlət xidmətlərinin qurulmasına dəstək göstərməklə idarəetmə potensialını gücləndirəcəyini, şəffaf, əlçatan və effektiv dövlət idarəçiliyini təşviq edəcəyini qeyd edib. 
Xatırladaq ki, ötən ilin noyabr ayında BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında təsis olunmuş Etimad Fondu çərçivəsində BMT ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsinin 4 qitədə ixracını təşviq edəcəkdir. 

Sessiyada BMT-nin müvafiq departamentinin bölmə rəhbəri və Dövlət Agentliyinin  Beynəlxalq əlaqələr şöbəsinin müdiri müvafiq olaraq layihə çərçivəsində görüləcək işlər və “ASAN xidmət” barədə geniş təqdimatlarla çıxış ediblər. 

Xarici ölkələrin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.

A- A A+

Digər press-relizlər