Azərbaycanla BƏƏ arasında əməkdaşlıq istiqamətləri genişləndirilir
Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun ikinci günü baş tutub.
Öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və BƏƏ-nin İctimai İnkişaf Qurumunun icraçı direktoru, dövlət naziri Hessa Bint Eissa Buhumaid açılış nitqi ilə çıxış ediblər. Həmçinin Azərbaycan BƏƏ əməkdaşlığına həsr olunan videotəqdimat nümayiş etdirilib.
Ardınca iqtisadiyyatın şaxələndirilməsi və investisiya, ekologiya və yaşıl enerji, təhsil, səhiyyə, sosial rifah, habelə dövlət xidmətləri və innovasiyalar mövzuları üzrə dəyirmi masa formatında paralel sessiyalar baş tutub.
Sessiyalarda qeyd olunan mövzular üzrə hər iki ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə müzakirələr aparılıb, əldə olunmuş qabaqcıl təcrübələr paylaşılıb.
Sessiyaların sonunda layihələrin müəyyən olunması və həyata keçirilməsi məqsədilə tərəflər arasında birgə iş aparılması barədə ilkin razılıq əldə edilib. Azərbaycan və BƏƏ hökumətlərinin nümayəndələri birgə çalışacaq və müəyyən edilmiş layihələri icra edəcəklər.
Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. 2022-ci ilin 28 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda hər iki ölkə hökumətinin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak ediblər.