Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

22 aprel 2014-cü il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir.

Artıq “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi üzrə özünəməxsus bir təcrübənin əsasını qoymaqla brendə çevrilmişdir. “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, uğurlu model olaraq digər ölkələrdə də tətbiqi təşviq edilməkdədir. Bu istiqamət müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın predmetini təşkil edir.

Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə də məhsuldar olmuş, gələcək əməkdaşlıq üçün yaxşı bir zəmin yaratmışdır. Layihə çərçivəsində İSO 9001:2008 keyfiyyəti idarəetmə sistemi, korporativ standartlar, insan resurslarının idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilmişdir.

Xanım Mard Azərbaycan Respublikası və Avropa İttifaqı arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırmışdır. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq  mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Hər iki tərəf həyata keçirilən əməkdaşlıqdan məmnunluqlarını ifadə etmiş, gələcəkdə onun davam etdirilməsinin faydalılığını qeyd etmişlər. 

Foto:Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

 

A- A A+

Digər press-relizlər