Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems “ASAN xidmət” mərkəzi ilə tanış olub
14 oktyabr 2014-cü il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000 vətəndaşa xidmət göstərilib.
Azərbaycan Respublikası və Avropa İttifaqı arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edən qonaq Dövlət Agentliyinin bu əməkdaşlıqla xüsusi yer tutduğunu bildirib.“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.