Avropa İttifaqı və Dövlət Agentliyinin həyata keçirdiyi layihənin yekunları ilə bağlı təqdimat keçirilib
16 fevral 2018-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN xidmət” və “ABAD”a dəstək layihəsinin nəticələrinin təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü (ABAD) gücləndirmək üçün ASAN-a dəstək” layihəsinin rəhbəri Stiven O”mullan layihə haqqında iştirakçıları məlumatlandırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Avropa İttifaqı arasında münasibətlər sahəsində mütəşəkkil və uğurlu iş aparıldığını vurğulayıb. Qonaq, həmçinin “ASAN xidmət”-in müştəri məmnunluğunun əldə olunmasında xüsusi rolunu, “ABAD”-ın orta və kiçik ailə təsərrüfatının inkişafına dəstəyini qeyd edib. Bildirib ki, müvafiq layihə çərçivəsində xoş xatirələrlə yadda qalan birgə və ardıcıl tədbirlər həyata keçirilib.
Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların mühüm tərkib hissəsi kimi “ASAN xidmət”-in və “ABAD”ın yaradılmasını iştirakçıların diqqətinə çatdırıb. Vurğulayıb ki, müvafiq layihə çərçivəsində “ABAD”-ın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər işlər həyata keçirilmişdir. Dövlət Agentliyinin sədri dəstəyə görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ekspertlərə təşəkkürünü bildirib və innovativ fəaliyyətinin təmin edilməsində maraqlı tərəfdaşlığa hazır olduqlarını qeyd edib.
“ABAD”ın yaradılması tarixi, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verən qurumun direktoru Rüfət Elçiyev qeyd edib ki, ötən dövr ərzində “ABAD”-ın fəaliyyətinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülüb, ailə təsərrüfatlarının, bizneslərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində dəstək mexanizmləri formalaşdırılıb. Vurğulayıb ki, yaxın müddətdə satış kanallarının artırılması, yeni “ABAD” mərkəzlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri tədbirlərin təşkili nəzərdə tutulur.
Layihənin ekspertləri Stiven O`Mullan və Lyübomir Dimov görülmüş işlər, həyata keçirilən zəruri tədbirlər və statistik nəticələr barədə geniş təqdimatla çıxış ediblər.
Sonda “ABAD”-çı Arif Novruzov və Günay İbrahimova onlar üçün göstərilmiş dəstəyə, yaradılmış biznes mühitinə görə təşəkkürlərini bildiriblər və məmnunluqlarını ifadə ediblər.