"AVO MUN" 2018 layihəsi keçirilir
17-19 may 2018-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatı və “Gilan Holdinq”in təşkilatçılığı, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin (UNDP Azerbaijan) dəstəyi ilə ADA Universitetində “AVO MUN” 2018 layihəsi keçirilir.
Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəsmisi Məzahir Əfəndiyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, “Gilan Holdinq”in İnsan Resursları Departamentinin direktoru Allahverdi Bağırov və başqaları iştirak ediblər.
"ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, layihənin əsas məqsədi gənclərin hüquqi, siyasi və ictimai biliklərinin inkişaf etdirilməsidir: "Bu layihədə 16-25 yaş aralığında 100-ə yaxın gəncin iştirakı ilə üç gün ərzində fərqli mövzular ətrafında ictimai, siyasi müzakirələr aparılacaq".
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında deyib ki, indiyə qədər "ASAN Könüllüləri" təşkilatı tərəfindən 300-ə yaxın layihə həyata keçirilib və bu layihələr ümumilikdə 30 minə yaxın gənci əhatə edib. O qeyd edib ki, yeni layihə gənclərin beynəlxalq hüququ mənimsəməsində faydalı olacaqdır.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihə iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycanda gəncliyin inkişafına hökumət tərəfindən xüsusi diqqət ayrıldığını vurğulayan BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəsmisi Məzahir Əfəndiyev deyib ki, bu layihə Azərbaycanın inkişafına yönəlik tədbirlərə öz töhfəsini verəcək.
Daha sonra ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və “Gilan Holdinq”in İnsan Resursları Departamentinin direktoru Allahverdi Bağırov çıxış edərək layihəni yüksək qiymətləndirib və gənclərə uğurlar arzulayıblar.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda ilk dəfə 3 fərqli dildə (Azərbaycan, ingilis və rus) 3 komitənin simulyasiyası təşkil ediləcəkdir.