Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağının açılış mərasimi keçirilib

20 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı “ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağının açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov uşaq hüquqlarının qorunması sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Müvafiq sahənin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan İnam Kərimov xidmətin də bu məqsədlə təşkil olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümündə bu mərkəzinin açılmasının sevindirici olduğunu bildirib. “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün mütərəqqi addımların atıldığını vurğulayan A.Şilakadze bu xidmətin təşkilinin dövlətin müvafiq sahəyə olan diqqətini biruzə etdiyini qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Yerun Villems “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən bəhs edib. Bildirib ki, bu xidmət uşaqlar üçün hüquqi yardım xidmətlərinin həyata keçirilməsində səmərəli nəticələrin əldə olunmasına xidmət edir.

Qeyd edək ki, otaq uşaq hüquqi yardım xidmətlərinin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilməsi məqsədi üçün UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü çərçivəsində təşkil olunub.

 

A- A A+

Digər press-relizlər