ASAN E-gov modeli Cənubi Koreya Respublikasında təqdim olunub
21-25 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Cənubi Koreya Respublikasının Seul şəhərində "Elektron Hökumət sahəsində Siyasi İdarəetmə" mövzusu üzrə təşkil olunmuş proqramda iştirak edib. Proqramda iştirak üçün Cənubi Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Anlaşma memorandumu imzalanıb və elektron hökumət sahəsində əməkdaşlıq tələb edən 47 ölkə arasından seçilmiş 10 ölkənin dövlət qulluqçuları dəvət alıblar.
Proqramda iştirak etməkdə əsas məqsəd elektron hökumət sahəsində Cənubi Koreya təcrübəsinin araşdırılması, habelə Azərbaycanda elektron hökumətin inkişafı, "ASAN xidmət"in fəaliyyəti barədə iştirakçılara, Koreya Respublikasının bir sıra dövlət və özəl şirkətlərinin nümayəndələrinə ətraflı məlumat vermək və təcrübə mübadiləsi həyata keçirmək olub.
Cənubi Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik nazirinin müavini Shim Bo-kyun, nazirliyin E-hökumət Bürsonunun baş direktoru Yoonkee Chung və digər rəsmilər dəyirmi masa ətrafında fikir mübadiləsi zamanı e-hökumət sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Tədbir zamanı Dövlət Agentliyinin nümayəndə heyəti tərəfindən Azərbaycanda dövlət xidmətlərinin innovativ formada həyata keçirilməsində "ASAN xidmət"in rolu və təcrübəsi, həmçinin elektron idarəetmə sahəsində mövcud vəziyyət barədə geniş təqdimat edilib.
Bundan başqa proqram çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Koreya Respublikasının bir sıra aparıcı dövlət qurumlarının, özəl təşkilat və müəssisələrin, habelə Belarus, Tunis, Özbəkistan, Honduras, Uqanda, Efiopiya, Kamboca və digər ölkələrin nümayəndələri Azərbaycanın dövlət xidmətləri, e-hökumət, e-xidmətlər sahəsindəki təcrübələrini maraqla qarşılayıb, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.