Koreyanın səfiri “ASAN xidmət”də
11 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-Qyu ilə görüş keçirilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 22 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-Qyu dövlət xidmətlərinin göstərilməsi və elektron xidmət sahəsində Azərbaycan-Koreya arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən bəhs edib.
Həmçinin, Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyəti və bu istiqamətdə iki ölkə arasındakı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.