Please ensure Javascript is enabled for purposes of website accessibility

“Zəfər” Yarmarkasına start verilib

Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” Yarmarkasına start verilib.

29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.

Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.

Yarmarkanın ilk günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik mahnıları səsləndirilib.

Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Sponsorlar: “Bakcell”, “İDEART” MMC

Dəstəkçilər: Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), "ABAD" publik hüquqi şəxsi, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərişıq" ASC, 156 -Evakuasiya Xidməti, "NIGROUP" MMC, Bakı Strafor Kəsim Mərkəzi, "ASAN Könüllüləri" Təşkilatı

Media tərəfdaşları: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) Real TV, ASAN Radio

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

A- A A+

Digər press-relizlər