Please ensure Javascript is enabled for purposes of website accessibility

“YAŞAT" yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa davam edir

"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edirlər.

Bu günə qədər 2594 şəhidin 11 minə yaxın ailə üzvü ilə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq  970 şəhid ailəsinin 1310 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, eyni zamanda 48 şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına (evin təmiri), 10 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (istilik, kommunal və s)  başlanılıb.  40 şəhid ailəsinin 80 ailə üzvünün  isə işlə təminatı məsələsi nəzarətə götürülüb. Bu məsələ müvafiq qurumlarla koordinasiya olunacaq.         
 
Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.  

Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək. Xatırladaq ki,  Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

"YAŞAT" Fondunun bank rekvizitləri ilə  http://vxsida.az/az/annouces/1493  keçidi vasitəsi ilə tanış olmaq mümkündür.

A- A A+

Digər press-relizlər