Yaponiyanın səfiri “ASAN xidmət”də
27 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, “ASAN xidmət”də bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Qonağa Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.
Eyni zamanda görüş zamanı qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumat verilib və Yaponiyanın müvafiq qurumunun da bu təşkilatda təmsil olunmasından məmnunluq qeyd edilib.
Səfir dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.
Səfir dövlət xidmətlərinin çatdırılması sahəsində Azərbaycan tərəfinin qabaqcıl təcrübəsindən Yaponiyanın da faydalana biləcəyini qeyd etdi.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Səfir “ASAN xidmət” mərkəzi ilə də tanış olub.