Yaponiyanın nümayəndə heyəti “ASAN xidmət”də
Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Görüşdə “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunması ilə yanaşı, Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığa dair geniş müzakirə aparılıb.
Qonaqlar “Bilim Bakı” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olublar.