Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev Vətən müharibəsi əlili Cavid Əliyevlə görüşüb.
Ülvi Mehdiyev qazimizi ABŞ-ın Minnesota Universitetinə magistratura səviyyəsinə qəbul olunması münasibətilə təbrik edib, ona təhsil həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Diqqətə çatdırılıb ki, ona həmin universitet üzrə təhsil aldığı müddətə “YAŞAT” Fondu tərəfindən aylıq təqaüd təsis edilib. “YAŞAT” təqaüdünün məbləği 1000 ABŞ dollarıdır.
Cavid Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.