Please ensure Javascript is enabled for purposes of website accessibility

Türkiyənin TODAİE İnstitutunun rektoru “ASAN xidmət”lə tanış olmuşdur

14 mart 2013-cü il tarixində Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) rektoru Eyyub Isbirin başçılıq etdiyi türkiyəli professor-müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ilə görüşmüş, Agentliyin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Görüş zamanı Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədi, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlar barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha çevik, keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. “ASAN xidmət” dövlət qulluqçularının fəaliyyətində, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasını, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etmək məqsədilə yaradılmışdır.

Qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildirmiş, həmçinin “ASAN xidmət” mərkəzində çalışan əməkdaşların öz işlərinə peşəkar yanaşmasını xüsusi vurğulamışlar. Görüşdə Dövlət Agentliyinin elmi potensialının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi də aparılmışdır.

 

A- A A+

Digər press-relizlər