Türkiyənin Baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur
12 iyun 2013-cu il tarixində Türkiyə Respublikasının Baş prokuroru Hesen Erbil Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan və paytaxtın Xətai, Nizami və Suraxanı rayonlarındakı sayı 700 mindən çox olan sakininə xidmət göstərən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.
Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir.
İnam Kərimov “vahid məkan” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması həmçinin müasir texnologiyalardan istifadə ilə bağlı görülən işlərdən bəhs etmişdir.
İki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edən qonaq “ASAN xidmət” mərkəzində yaradılmış şəraiti və əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirərək gələcək fəaliyyətdə uğurlar arzulamışdır.