Türkiyəli nazir “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” və digər fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Türkiyəli nazir “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onda yüksək təəssürat yaratdığını bildirib.
Qonaqlar “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzi ilə tanış olublar. Mərkəzin məqsədi 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Nümayəndə heyəti ASAN İnnovativ İnkişaf Mərkəzində, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində də olub.