Please ensure Javascript is enabled for purposes of website accessibility

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğunun əməkdaşları “ASAN xidmət” mərkəzi ilə tanış olublar

18 sentyabr 2014-cü il tarixində Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğunun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olublar.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Eyni zamanda, Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı və digərləri qonaqlara nümayiş etdirilib.

Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində bügunədək 2 800 000-dən çox vətəndaşa xidmət göstərilib.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hesab edib, məhz bu təcrübənin bir çox ölkələrdə tətbiqinin faydalı ola biləcəyini qeyd ediblər.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər