Please ensure Javascript is enabled for purposes of website accessibility

Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olub

18-21 avqust 2014-cü il tarixlərində Türkiyə Daxili İşlər Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Rahmi Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Azərbaycanda səfərdə olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Bakı şəhərində 1, 3 və 4 saylı “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növləri, iş proseduru ilə yaxından tanış olub.

Qonaqlara mərkəzlərdə tətbiq olunan innovativ avadanlıqlar - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı, “ASAN ödəniş” sistemi və s. barədə geniş məlumat verilib.

Xaçmaz rayonunda Səyyar ASAN xidmətin fəaliyyəti ilə də yaxından tanış olan nümayəndə heyəti dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, əlçatanlığının təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunması istiqamətində bu addımın xüsusi əhəmiyyətini vurğulayıb.

Dövlət Agentliyinin sədri İnam Kərimovla baş tutan görüşdə, qonaqlara bildirilib ki, “ASAN xidmət” mərkəzlərində bügunədək 2.500.000-dən çox vətəndaşa xidmət göstərilib. İnam Kərimov qeyd edib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hesab edib, məhz bu təcrübənin bir çox ölkələrdə tətbiqinin faydalı ola biləcəyini qeyd ediblər.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan Türkiyə nümayəndə heyəti buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

 

A- A A+

Digər press-relizlər