Tovuz “ASAN Həyat” kompleksində hərbi vətənpərvərlik tədbiri təşkil olunub
Tovuz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması və ehtiyata buraxılmış şəxslərin qarşılanması ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz “ASAN xidmət” mərkəzinin direktoru Güntək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev, şəhidlərimizin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.
Qonaqlar öncə Tovuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad ediblər.
“ASAN Hərbi Vətənpərvərlik” Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərimizin ailə üzvləri, qazilərimiz və çağırışçılar çıxış ediblər.
Ardınca həqiqi hərbi xidmətdən ehtiyata buraxılan gənclərə hərbi biletləri və xatirə hədiyyələri təqdim olunub və onlar hərbi xidmətlə bağlı sonuncu əmək haqlarını “YAŞAT” Fonduna ianə ediblər.
Sonra çağırışçılar Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.