“Süni Zəka ilə Sosial Dəyişim” şəbəkələşmə tədbiri təşkil edilib
2025-ci il 5 iyun tarixində Qusar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə əməkdaşlar arasında “Süni Zəka ilə Sosial Dəyişim” mövzusunda ideya müsabiqəsi keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Məqsəd dövlət xidmətlərində proaktiv yanaşmanın tətbiqi üçün qabaqlayıcı analitika və süni zəka alətlərindən istifadə imkanlarının artırılması, innovasiya yönümlü idarəetmə mədəniyyətinin dövlət orqanlarında təşviqi, qurumlar arasında şəbəkələşmənin genişləndirilməsi və innovativ düşüncə tərzinin aşılanması olub.
Tədbir çərçivəsində komanda quruculuğu oyunu, “Paralel reallıqlar və tarix” adlı vörkşop təşkil edilib, hər iki qurumun rəhbər şəxslərinin iştirakı ilə “Dövlət və süni zəka: Texnologiyadan strateji alətə” adlı panel müzakirə keçirilib. Eyni zamanda süni zəka əsaslı fərdiləşdirilmiş və inklüziv xidmətlərin dizayn edilməsi, iş mühitində səmərəliliyin artırılması, vətəndaşların sosial hüquqlara çıxış imkanlarının artırılması və sosial ehtiyaclarının proqnozlaşdırılması mövzularını əhatə edən ideya müsabiqəsi təşkil edilib.
Müsabiqədə ümumilikdə hər iki qurumun əməkdaşlarından ibarət 20 komanda yarışıb.
Əməkdaşların təqdim etdikləri layihələrinin innovativ yanaşmanın tətbiqi, sosialyönümlülük, süni zəka əsaslı həll, səmərəlilik və təqdimat bacarıqları meyarlarına uyğun aparılan qiymətləndirməsinə əsasən I yerin qalibi “İnnovasiya karvanı” komandası, II yerin qalibi “ Texno vətən” komandası, III yerin qalibi isə “Xidmət 360” komandası olub.
Qaliblərə diplomlar və mükafatlar təqdim edilib.