Please ensure Javascript is enabled for purposes of website accessibility

SMS müraciət sisteminə dair tələb və tövsiyələr

Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə 5 aprel 2020-ci il tarixdən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.

Belə ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 32112 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 494307 icazə qeydiyyata alınıb.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.
Qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin göndərilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara SMS-in vaxtında göndərilməsinə maneə törədir. Hər kəsi belə hallardan çəkinməyə çağırır və bildiririk ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndirilə bilər.

Vətəndaşlarımıza tövsiyə edirik ki, SMS müraciətlərini 30 dəqiqə və ya 1 saat öncədən həyata keçirsinlər. Cavab mesajı ən geci 1 saat ərzində gələcək. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Təsdiq mesajı aşağıdakı məzmundadır:

Nümunə: 2-ci indeks üzrə bu SMS-i aldığınız vaxtdan etibarən 2 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz.

Təsdiq cavabı gəldikdən sonra müraciət edən vətəndaş olduğu yeri tərk edə bilər. Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzi və ya müvafiq mobil operatorların Çağrı Mərkəzlərinə müraciət edə bilərlər:

- Azercell - *1111; şəhər nömrələrindən 012 490 49 49
- Bakcell - 555; şəhər nömrələrindən 012 498 89 89
- Nar - 777⁩; digər mobil operatorlardan və şəhər nömrələrindən 012 444 07 77

SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər. Misal üçün, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər.

Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

A- A A+

Digər press-relizlər