Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir
Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş avtobusları vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı regionlarda əhaliyə xidmətlər göstərir:
Naftalan
Masallı
Hacıqabul
Quba
Qəbələ
Siyəzən
Yevlax
Pirallahı
Eyni zamanda 1 aprel tarixindən etibarən Səyyar ASAN xidmət Füzuli rayonunda da xidmət göstərəcək.
Bununla yanaşı məktəblilərin ödənişsiz şəxsiyyət vəsiqələrini daha operativ və rahat əldə etməsi məqsədilə bir Səyyar ASAN xidmət avtobusu “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində məktəblilərə xidmət göstərir. Bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.
Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində bugünədək 4 mindən çox məktəbliyə şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Ümumilikdə isə 2013-cü ildən bugünədək Səyyar ASAN xidmət vasitəsilə 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da, Səyyar ASAN xidmətin ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, Səyyar ASAN xidmətin avtobusları dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.