Səyyar ASAN xidmət Qaradağda
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstərilir.
25 fevral-6 mart 2015-ci il tarixində Bakı şəhərinin sakinləri Səyyar ASAN xidmətdən Qaradağ rayonunun Ələt qəsəbəsində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.