Səyyar ASAN xidmət Neftçalada
Səyyar ASAN xidmət avtobusu oktyabrın 5-dən Neftçalada Heydər Əliyev Mərkəzinin yanında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Neftçalada səyyar xidmət 4 dəfə gerçəkləşib, beş mindən çox vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Hazırda Neftçala rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunun növbəti dayanacağı Şirvan şəhəri olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 milyon 450 minə yaxın, 2021-ci il ərzində isə 180 minə yaxın vətəndaş müraciəti daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.