Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət Cocuq Mərcanlıda

Səyyar ASAN xidmət işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə və kəndin bərpasına cəlb olunmuş şəxslərə xidmət göstərib.


Belə ki, vətəndaşlara yeni şəxsiyyət vəsiqələri təqdim olunub. Xidmətdən yararlanan 6 nəfərdən 4-ü Cocuq Mərcanlı kəndinin sakinidir. Onlardan da ikisi 23 ildir ki, kənddə yaşayan Həziyevlər ailəsinin üzvüdür. Digər iki nəfər isə tikintidə çalışan işçilərin övladlarıdır.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

 

A- A A+

Digər press-relizlər