Səyyar ASAN Xidmət Ağdaşda
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda Cəlilabad və Biləsuvar, İmişli rayonunda İmişli, Şəki şəhərində Şəki və Oğuz, Ucar rayonunda Ucar və Zərdab, Mingəçevir şəhərində isə Mingəçevir və Yevlax sakinlərinə Səyyar “ ASAN xidmət” göstərilmişdir.
Cari ilin 11 – 22 noyabr tarixində Ağdaş və Göyçay rayonlarının ümumi sayı 210000-dən çox olan sakini Səyyar “ASAN xidmət”dən Ağdaş şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Indiyədək Səyyar “ASAN xidmət” çərçivəsində 19 məntəqədə 34 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.