Səyyar ASAN Xaçmaz, Xaldan və Qobuda
Səyyar ASAN xidmət 29 iyun – 28 iyul Xaçmaz şəhərində, 29 iyun – 8 iyul Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Həmçinin, səyyar avtobuslar 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.