Selçuk Bayraktar və Ceyhun Salmanov Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub.
Səfər çərçivəsində Ceyhun Salmanov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər.
Söhbət zamanı xəstəxana rəhbərliyi və professor həkim heyəti ilə qazilərimizin mövcud durumu ətraflı müzakirə olunub. Vurğulanıb ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün qəhrəman döyüşçülərimizə minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Qazilərimiz belə bir səfərin gerçəkləşdirildiyi üçün həm Dövlət Agentliyinə, həm də Selçuk Bayraktara öz minnətdarlıqlarını bildiriblər. Qazilərimizə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Xatırladaq ki, həkimlərin rəyi nəzərə alınaraq 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.