Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb

18 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şəki regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Şəki “ASAN xidmət” mərkəzinin direktoru Arzu Qocayev, YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov  və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan Respublikasının inkişafında ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib və Prezident İlham Əliyevin Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttini, məqsədyönlü və möhkəm iradə ilə gördüyü işləri vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov ümumilli liderimiz  Heydər Əliyevin  yaratmış olduğu  və artıq 27 ildir ki, fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə gəncin birləşməsini ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirib.

Tədbirdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri təqdim olunub.

Həmçinin YAP sıralarına yeni qəbul olunmuş Şəki regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

A- A A+

Digər press-relizlər