Şamaxı “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub
8 iyul 2021-ci il tarixində Şamaxı regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
Tədbir çərçivəsində mərkəzdə könüllülər və əməkdaşlar tərəfindən müxtəlif daşlardan, köhnə açarlardan, şüşə qablardan, ip və kağızdan istifadə edilərək hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.
Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Fondun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.
Sərgidə müxtəlif mövzularda 100-ə yaxın sənət əsəri nümayiş olunub. Tədbirin əsas məqsədi sərgi-satışdan toplanmış məbləği “YAŞAT” Fonduna ianə etməklə şəhid ailələrinə və qazilərə dəstək olmaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.