Rusiya Federasiyasının Ulyanovsk vilayətinin nümayəndə heyəti “ASAN xidmət”də
23-24 aprel 2018-ci il tarixində Rusiya Federasiyasının Ulyanovsk vilayətinin dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz - İnternet Texnologiyaları İnkişafı Korporasiyasının direktoru Svetlana Opyenışevanın rəhbərlik etdiyi nümayəndə heyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət”, ASAN Radio, ASAN Təlim Tədris Mərkəzi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günə kimi 21 milyon vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Daha sonra elektron xidmətlərin təşkili, səyyar ASAN xidmət, nəzarət və qiymətləndirmə, Çağrı mərkəzi və ictimaiyyətlə əlaqələrə dair təqdimatlar edilib.
Həmçinin nümayəndə heyəti ilə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri arasında görüş keçirilib.
Bundan başqa, Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC ilə "Ulyanovsk vilayətində dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz - İnternet Texnologiyaları İnkişafı Korporasiyası" regional dövlət müəssisəsi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.