Rəsmi qonaqlar "ASAN xidmət" stendini ziyarət edirlər
Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST”dəki ASAN Xidmət stendini qardaş ölkənin Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır, Özbəkistanın İnnovasiyaların Tətbiqi və Texnologiyaların Transferi üzrə Milli Ofisinin baş direktoru Olimjon Tuyçiev ziyarət ediblər.
Bildirilib ki, stenddə Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin - “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur.
Qonaqlara Türkiyədə yaşayan azərbaycanlılara Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilməsi barədə də məlumat verilib. Qeyd olunub ki, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi xidmətlər göstərilir.